REGİONLAR


Abşeron yarımadasında sahilboyu yeni avtomobil yolu inşa olunur VİDEO

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

“Azəravtoyol” ASC tərəfindən Abşeron yarımadasının şimal hissəsində, sahilboyu 12,7 kilometr uzunluğunda yeni avtomobil yolunun inşasına başlanılıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək.

Məlumata görə, sözügedən ərazilərdə mövcud yol genişləndirilməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərdə çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirilərək yeni yol yatağı inşa olunur, yolboyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür.

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0,75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində piyada səkilərinin də tikintisi aparılacaq.

Hazırda yolda torpaq işləri həyata keçirilir, yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və buna paralel olaraq asfaltlanma işləri görüləcək. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, 50 min poqonmetr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Bütün işlər “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Qeyd olunub ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərəcək.

Xatırladaq ki, Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunun yenidən qurulması yenicə yekunlaşıb, Binəqədi-Novxanı yolunun tikintisi isə hazırda davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.