REGİONLAR
Abşeronda əhalinin elektrik enerjisi təminatı yaxşılaşdırılır VİDEO
Xırdalan, 9 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycanın sosial-iqtisadi inkişafı ölkə həyatının bütün sahələrində, o cümlədən elektrik enerjisi təchizatı ilə bağlı müasir infrastrukturun yaradılmasında özünü göstərir. Abşeron rayonunda əhalinin elektrik enerjisi təminatı ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti xeyli işlər görüb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari ildə rayon ərazisində 4 yeni yarımstansiya inşa edilib. Hazırda yeni yarımstansiyaların tikintisi davam etdirilir, işıq xətləri və dirəkləri yenilənir. Qobu, Hökməli və Atyalı ərazilərini qidalandıracaq 110/35/10 kilovoltluq yarımstansiya artıq istifadəyə verilib. Bu stansiya 80 min abonentə xidmət göstərmək gücünə malikdir. Bu il Qobuda yeni 15 ədəd 0,4 kilovoltluq dayaq basdırılıb, 600 metr 0,4 kilovoltluq SİP kabel çəkilib. Yarımstansiyalar rayon sakinlərinin etibarlı, təhlükəsiz və daha səmərəli şəkildə elektrik enerjisi ilə təminatını həyata keçirilməsində mühüm rol oynayacaq.
“Azərişıq” ASC tərəfindən rayonda 39 transformatorun güc artımı dəyişdirilib, 25 ədəd yeni güc mərkəzi yaradılıb. Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən isə 11 yeni güc mərkəzi yaradılıb. Hazırda Xırdalan şəhərində 35/10 kilovoltluq daha bir yarımstansiyanın inşasına başlanılıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, rayon sakinləri fasiləsiz elektrik enerjisi ilə tam təmin olunur.
Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən istismar müddəti başa çatan müxtəlif güclü köhnə transformator yeni komplekt transformator məntəqələri ilə əvəzlənib, ehtiyacı olan qurğular əsaslı təmir edilib. Yeni dayaqlar basdırılıb, yüksək gərginlikli şəbəkə üçün nəzərdə tutulan dirəklərdə isə təmir və yenidənqurma işləri aparılıb, yeni SİP kabel və naqillər çəkilib. İstismar müddəti başa çatan sayğaclar yeni elektron tipli sayğaclarla əvəz edilib. Xırdalan şəhərinin girişində 35/6 kilovoltluq yarımstansiya da tam hazırdır. Şəhərdə məskunlaşmış məcburi köçkünlər üçün 415 metr SİP kabel çəkilib,13 ədəd 0,4 kilovoltluq dayaq basdırılıb. Masazırda 35/10 kilovoltluq yarımstansiyasının tikintisi başa çatıb, qəsəbədə bu il 135 metr SİP kabel çəkilib, 24 metal dayaq basdırılıb.