REGİONLAR
Abşeronda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib
Xırdalan, 6 may, Ətrabə Rzyeva, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Abşeronda keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə Ümummilli Liderin büstü önünə gül düzüb, xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə gördüyü işlərdən, yürütdüyü siyasətdən, reallaşdırdığı böyük layihələrdən danışıb. İcra hakimiyyətinin başçısı qeyd edib ki, Heydər Əliyevin qüdrətli zəkasından güc alan inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir.
Konfransda çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə Abşeron rayonu kənd təsərrüfatı sahəsində mühüm uğurlar əldə edib. Rayonda reallaşdırılan müxtəlif infrastruktur və sosial layihələr də məhz Heydər Əliyevin siyasi və iqtisadi xəttinin uğurları sırasındadır.
Bildirilib ki, Ulu Öndərin yeritdiyi uğurlu siyasət ölkəmizə beynəlxalq aləmdə nüfuz qazandırıb. Bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə həyata keçirilən, ölkəni böyük nailiyyətlər və tarixi qələbələr yolu ilə aparan, alternativi olmayan bu siyasət Heydər Əliyev yolunun təntənəsidir.