REGİONLAR
Abşeronlular “N” hərbi hissəsinə bayram sovqatı aparıblar
Xırdalan, 16 mart, AZƏRTAC
Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindəki “N” hərbi hissəsində rayon icra hakimiyyətinin dəstəyi ilə əsgərlər üçün Novruz şənliyi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, şənlikdə rayon icra hakimiyyətinin hazırladığı bayram sovqatı əsgərlərə təqdim olunub.
Hərbi hissənin komandanlığı tədbiri yüksək qiymətləndirərək ölkəmizdə orduya böyük diqqət və qayğı göstərildiyini, əsgərlərimizin işğal altındakı torpaqları azad etməyə hazır olduqlarını bildirib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəxsi heyəti bayram münasibətilə təbrik edərək, növbəti bayramların işğal altında olan torpaqlarımızda keçiriləcəyinə əminliyini vurğulayıb.
Rayon rəhbəri hamilik etdikləri hərbi hissənin şəxsi heyətini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz üçün yaratdığı yüksək şərait müqabilində daha nümunəvi xidmət etməyə çağırıb.
Sonra qonaqlar hərbi hissənin yeməkxanasına baş çəkib və əsgər yeməyinin dadına baxıblar.
Tədbir konsert proqramı ilə davam edib.