CƏMİYYƏT
Abu-Dabi “Red Bull Air Race” üzrə estafeti Yaponiyaya verib VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, fevralın 14-də Abu-Dabidə “Red Bull Air Race” aviayürüşünün - Beynəlxalq Aviasiya İdmanı Federasiyası tərəfindən qəbul edilmiş rəsmi dünya çempionatının ilk mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, builki seriya səkkiz mərhələdən ibarət olacaq. Abu-Dabi estafeti Tiba şəhərinə (Yaponiya) verib. Pilotlar daha sonra Soçi (30-31 may), Budapeşt (4-5 iyul), Askot (15-16 avqust), Spilberq (5-6 sentyabr) və Fort Vors (Texas, 26-27 sentyabr) səmalarını fəth edəcəklər.
Seriyanın final nöqtəsi Las-Veqasda qoyulacaq: oktyabrın 17-18-də seriyanın bütün yürüşlərinin yekunlarına əsasən qalib burada müəyyən ediləcək.
Aviayürüş keçirilməsi təşəbbüsünün müəllifi olan “Red Bull” şirkəti macarıstanlı məşhur pilot Peter Beşenıya müraciətlə ondan yarışların konsepsiyasını təkmilləşdirməyə kömək göstərməsini xahişi ilə edib.
“Red Bull Air Race” yürüşü ilk dəfə 2003-cü ildə Avstriyanın Seltveq şəhərində “Air Power” aviaşousu çərçivəsində keçirilib və böyük uğur qazanıb.
İki il ərzində Macarıstan, İngiltərə və ABŞ-da keçirilən yarışlardan sonra bu yürüş beynəlxalq seriya (“Red Bull Air Race World Series”) statusu qazanıb. Belə formatda ilk dəfə 2005-ci ildə start götürmüş çempionat dünyanın yeddi şəhərində keçirilib. Həmin çempionatda dünya şöhrətli on pilot iştirak edib.
Hava yürüşləri ilk dəfə ABŞ-da keçirilib. Lakin sürət məsələsinə daha çox diqqət yetirilən yarışlardan fərqli olaraq aviasalonda yüksək məharət tələb olunur. Bu yürüşlərdə ən yüngül, manevr və idarəetmə imkanları yüksək olan təyyarələrdən istifadə edilir. Lakin “Red Bull Air Race World Series” yürüşlərinin qalibini müəyyənləşdirən əsas amillər pilotların təmkini və məharətidir.
“Red Bull Air Race” yarışları keçirilən trasda hər birinin hündürlüyü iyirmi metrə bərabər olan bir neçə “hava darvazası” qurulur.
Uçuş aparatlarının idarə edilməsində yol verilən səhvlərə görə iştirakçılar cərimə olunur. Təhlükəsizliyin təmin edilməsi məqsədilə mühərriklərin və təyyarələrin modernləşdirilməsinə məhdudiyyətlər qoyulur.