MƏDƏNİYYƏT
Abu-Dabi aeroportunda dünyada turistlər üçün ilk məhkəmə fəaliyyətə başlayıb
Abu-Dabi, 11 avqust, AZƏRTAC
Abu-Dabi Məhkəmə Departamenti Birləşmiş Ərəb Əmirlikləri paytaxtının beynəlxalq aeroportunda turistlərin işləri üzrə məhkəmə təşkil edib.
AZƏRTAC xəbər verir ki, “turizm məhkəməsi”nin yaradılması təşəbbüsü turistlərin ölkədə olduğu məhdud dövrdə yaranan mübahisələri qısa müddətdə həll etmək məqsədi daşıyır. Abu-Dabi Məhkəmə Departamenti başçısının müavini Yusif Səid Al-Abri bildirib ki, bu cür məhkəmə instansiyası dünyada ilk belə təcrübədir.
Abu-Dabinin baş prokuroru Əli Məhəmməd Al-Baluşi əlavə edib ki, məhkəmə beynəlxalq praktikanın ən yaxşı ənənələrinə uyğun keyfiyyətli xidmətlər göstərmək üçün müvafiq orqanlarla əməkdaşlıq şəraitində işləyəcək, qanunun aliliyinə, ədalət və hüquq müdafiəsi prinsiplərinə sadiqlik nümayiş etdirəcək. Baş prokuror qeyd edib ki, bu təşəbbüs hər hansı ölkədə olduqları zaman, xüsusən insanların mədəniyyətində və müxtəlif ölkələrin qanunlarında fərq olduğunda turistlərin üzləşə biləcəkləri hüquqi problemlər haqqında məlumat bazasının yaradılmasına kömək edəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi