SİYASƏT


Əbu-Dabidə akkreditə edilmiş diplomatik missiyaların rəhbərlərinin xanımları ölkəmizlə tanış olublar

A+ A

Əbu-Dabi, 24 oktyabr, AZƏRTAC

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi Asiya ölkələrinin Əbu-Dabidə akkreditə edilmiş diplomatik missiyaların rəhbərlərinin xanımlarının şərəfinə qəbul təşkil edib. Qəbulda iştirak edən qonaqlara ölkəmizin müasir reallıqları və son illərdə Azərbaycanın qazandığı uğurlar barədə məlumat verilib.

Azərbaycanın BƏƏ-dəki səfirinin xanımı Ülviyyə Şikarova qonaqları salamlayaraq bu cür görüşlərin əhəmiyyətindən danışıb. O qeyd edib ki, belə görüşlər xalqlarımızın bir-birini daha yaxşı tanımasına, Azərbaycan xalqının zəngin tarixi, ənənələri və mədəniyyəti ilə daha yaxından tanış olmağa imkan verir. Ü.Şikarova Azərbaycanın ictimai həyatında bütün sahələrdə baş verən proseslərdə qadınların xüsusi rol oynamasına diqqəti cəlb edib. O vurğulayıb ki, müsəlman Şərqində qadınların seçki hüququ əldə etməsi ilk dəfə məhz Azərbaycanda olub. Bu, demokratik cəmiyyətin fundamental əsasıdır. İlk qadın gimnaziyası da məhz bizim ölkədə açılıb.

Azərbaycan səfirinin xanımı ölkənin siyasi, mədəni və sosial həyatında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük rol oynamasını, beynəlxalq təşkilatlar çərçivəsində onun çoxşaxəli fəaliyyətini xüsusi qeyd edərək Mehriban Əliyevanı həm Azərbaycan qadınları, həm də digər ölkələrdəki qadınlar üçün təqdir edilməyə layiq nümunə adlandırıb. Ü.Şikarova bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkədə qadın hərəkatının lideri kimi Azərbaycanın tərəqqisi naminə genişmiqyaslı fəaliyyət göstərir, təhsil, maarif, səhiyyə, idman sahələrində, habelə Azərbaycan mədəniyyətinin və incəsənətinin populyarlaşdırılması istiqamətində humanitar və sosial əhəmiyyətli çoxsaylı layihələr həyata keçirir, o cümlədən geniş xeyriyyəçilik fəaliyyəti göstərir.

Ülviyyə Şikarova Azərbaycanın əsas problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın əzəli torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün olması faktlarını və ölkəmizin haqlı mövqeyi – Azərbaycan torpaqlarının işğaldan dərhal azad edilməsi və məcburi köçkünlərin öz tarixi torpaqlarına qaytarılması zərurətini də qeyd edib.

Tədbir iştirakçıları səmimi qəbul və müfəssəl çıxış üçün Ü.Şikarovaya təşəkkürlərini bildirib, gələcəkdə də bu cür görüşlər keçirilməsinin vacibliyini qeyd ediblər. Türkiyə səfirinin xanımı Dəmət Dizdar qeyd edib ki, Azərbaycan Türkiyə üçün dost və qardaş dövlətdir, Azərbaycan xalqının sürətli inkişafı və uğurları Türkiyəni həmişə sevindirir.

Qazaxıstan səfirinin xanımı Kulpan Lama Şərif əlavə edib ki, görüşün bütün iştirakçıları Azərbaycanla və onun son illərdə qazandığı sanballı uğurları ilə yaxşı tanışdırlar. Bu görüş sayəsində onlar bugünkü reallıqlar barədə biliklərini daha da zənginləşdiriblər. Kulpan Lama Şərif xüsusi vurğulayıb ki, görüş iştirakçılarının çoxu Azərbaycanın birinci xanımı, gözəllik, qadınlıq və analıq mücəssəməsi olan Mehriban xanım Əliyevanın fəaliyyəti ilə yaxşı tanışdır. Tədbirdə iştirak edənlərin hamısı Mehriban xanımın Azərbaycanın inkişafına, xalqların və mədəniyyətlərin yaxınlaşmasına böyük töhfə verməsini təsdiq ediblər.

Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələrini dadmaq təklif olunub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.