ELM VƏ TEXNOLOGİYA


“Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri” kitabı çapdan çıxıb

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri” kitabı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin İran filologiyası şöbəsinin dissertantı Rəna Rzayevanın namizədlik dissertasiyası əsasında hazırladığı kitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri ilk dəfə geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılıb. Nəşrdə “Munisnamə”nin janr səciyyəsi və mənbələri tədqiq edilib, əsərə daxil olan süjetlərin təkamülü və yayılması zəngin ədəbi material əsasında nəzərdən keçirilib. Bununla da “Munisnamə”nin ədəbi-tarixi dəyəri aydınlaşdırılıb, farsdilli ədəbiyyat tarixində yeri müəyyənləşdirilib.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın elmi redaktoru olduğu bu monoqrafiya giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə Əbubəkr ibn Xosrov əl-Ustadın həyat və yaradıcılığı barədə mövcud məlumatlar ümumiləşdirilib, “Munisnamə”nin strukturu və janr mənsubiyyəti müəyyənləşdirilib. Kitabın ikinci fəslində müəllif “Munisnamə”nin həm müsəlman ədəbi-fəlsəfi fikrini, həm də pəhləvi mətnləri ilə əlaqələrini tutarlı nümunələrlə təhlil edib, Əbubəkr ibn Xosrov əl-Ustadın “Nəhcül-bəlağə”, “Cavidan xirəd” və s. kimi qaynaqlardan məharətlə və yaradıcılıqla istifadə etdiyini göstərib. Üçüncü fəsildə isə “Munisnamə”nin bədii hissəsinə daxil olan 31 hekayət yazılı və şifahi ədəbiyyatda rast gəlinən paralel süjetlərlə müqayisəli şəkildə təhlil edilib.

Nəşr “Munisnamə” əsəri haqqında dolğun elmi təsəvvür yaradır və onun ehtiva etdiyi material həm gerçək araşdırmalar, həm də klassik farsdilli ədəbiyyatın tədrisi baxımından elmi-praktik əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.