İQTİSADİYYAT


Əbülfəs Qarayev: Növbəti Bakı Şopinq Festivalına 500-dək ticarət obyektinin qoşulacağı nəzərdə tutulur

Bakı, 25 may, AZƏRTAC

Bakı Şopinq Festivalının keçirilməsində əməyi olan bir qrup şəxsin mükafatlandırılma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bulvar Hotel”də baş tutan tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın təşkil olunması istiqamətində görülən işlərdən danışıb.

Nazir deyib ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən keçirilən ilk festival uğurlu nəticələrlə yadda qalıb: “Bakı Şopinq Festivalının təşkil olunmasına cəlb edilmiş bütün dövlət qurumları birgə çalışaraq bu festivalın işinə öz töhfəsini verdi. Qısa müddətdə təşkil olunmasına baxmayaraq festival uğurlu nəticələrlə yekunlaşdı. Bir ay müddətində Bakının əsas ticarət mərkəzlərinin, mağazalarının qoşulduğu bu festivaldan turistlərlə yanaşı, yerli sakinlər də geniş yararlana bildilər”.

Nazir qeyd edib ki, Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi üçün Turizm Şurası yaradılıb. Şuranın həyata keçirdiyi ilk iş də məhz Bakı Şopinq Festivalı olub.

Vurğulanıb ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Bakı Şopinq Festivalı paytaxtımızın böyük turizm mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Növbəti festivala 500-dək ticarət obyektinin qoşulması, “Tax Free” sisteminin tətbiq olunması müddətinin artırılması da nəzərdə tutulur. İkinci festivalın vaxtı, proqramı yaxın günlərdə elan olunacaq.

Nazir festivalın təbliğ olunmasında yerli kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu diqqətə çatdırıb.

Daha sonra Şopinq festivalının keçirilməsində əməyi olan bir qrup şəxsə mükafatlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.