MƏDƏNİYYƏT
Əbülfəs Qarayev Şəmkirdə vətəndaşlarla görüşüb
Bakı, 18 iyul, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra nazir Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.
Şəmkir sakinləri rayonda miniatür sənət məktəbinin açılması, “Yeni həyat” kənd klubunda aşıq dərnəyinin yaradılması, turizmin inkişaf etdirilməsi və rayon ərazisindəki tarixi abidələrə ekskursiyaların təşkili barədə xahişlərini diqqətə çatdırıblar.
Ağstafadan qəbula gələn vətəndaşlar tərəfindən Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılmasının 10 illiyi münasibətilə “Keşikçidağ və ətraf ərazilərdə qədim yaşayış düşərgələri” adlı beynəlxalq elmi-praktik konfransın keçirilməsi, rayonda Turizm İnformasiya Mərkəzinin yaradılması, Ağstafa Dövlət Rəsm Qalereyasının ekspozisiyasının zənginləşdirilməsi, habelə rayon mədəniyyət mərkəzində fəaliyyət göstərən dram dərnəyinin xalq teatrına çevrilməsinə dəstək verilməsi barədə müraciətlər olub.
Daşkəsən sakinləri milli kətə və fəsəli festivalının keçirilməsi, mədəniyyət müəssisələrinə ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.
Gədəbəy sakinləri tərəfindən “Əli və Nino” filminin çəkildiyi ərazilərə turizm məqsədilə turların təşkili, rayonda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı təkliflər səsləndiriblər.
Göygöl rayonundan qəbula gələnlərin müraciətləri Göygöl və Maralgöl ərazisində kanat yollarının salınması, rayon ərazisində alman məskənlərinə aid 5 küçənin qoruq elan edilməsi və digər məsələlər barədə olub.
Qazax sakinləri Qazax Dövlət Rəsm Qalereyasında Azərbaycanın görkəmli rəssamlarının əsərlərindən ibarət sərgilərin təşkili və rayondakı 2 nömrəli Uşaq Musiqi Məktəbində nağara sinfinin açılmasına kömək göstərilməsini xahiş ediblər.
Tovuz rayonundan qəbula gələnlərin müraciətləri Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində eksponatların bərpa edilməsi və digər məsələlər barədə olub.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və bununla bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onların müraciətləri ümumi işimizin daha səmərəli olmasına zəmin yaradır. Ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı təşəbbüskarlığı təqdirəlayiqdir.
Ə.Qarayev tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu vurğulayan nazir bununla bağlı səsləndirilən təkliflərin də nəzərdən keçiriləcəyini deyib.