MƏDƏNİYYƏT
Əbülfəs Qarayev: Turistlərə Azərbaycanın ənənəvi qonaqpərvərlik ruhuna uyğun xidmətlər göstərməliyik VİDEO
Şəki, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycana turist axını çoxalıb. Bu il xüsusilə Körfəz ölkələrindən Azərbaycana kütləvi surətdə turist axını müşahidə edilir. Rusiyadan, Orta Asiya respublikalarından gələn turistlərin sayı da artmaqdadır. Ona görə də biz xüsusilə diqqətli olmalıyıq. Qonaqpərvərliyimiz, xidmətlərin çeşidi, təbiətin qorunması ilə yanaşı, turistlərin bu gözəl mənzərələrdən, yaradılan şəraitdən mədəni şəkildə istifadə etmələri haqqında düşünməliyik. Bu, yalnız bir nazirliyin, dövlət qurumunun, yerli icra hakimiyyəti orqanlarının deyil, hamımızın işidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə keçirilən vətəndaş qəbulu zamanı jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, hər bir Azərbaycan vətəndaşı turistlərə Vətənimiz haqqında həqiqətlərin çatdırılmasına, xalqımızın yüksək qonaqpərvərlik və vətənpərvərlik ruhu nümayiş etdirməyə çalışmalıdır. Turistlərə bütün xidmətlər Azərbaycanın ənənəvi qonaqpərvərlik ruhunda təqdim olunmalıdır. Bu məqsədlə mədəniyyət ocaqlarında xüsusi proqramların, treninq kurslarının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən Əbülfəs Qarayev deyib: “Hazırda nazirlik tərəfindən “ASAN xidmət”lə birgə bütün muzey işçiləri, musiqi və incəsənət məktəblərinin, rəsm qalereyalarının, kitabxanaların mütəxəssisləri üçün xüsusi kurslar təşkil etmək barədə plan tərtib edilib. Bu proses davamlı olmalıdır”.
Şəki şəhərində və ətraf bölgələrdə yüksək səviyyəli xidmətlər təqdim etməyə qadir olan turizm obyektlərinin formalaşdığını diqqətə çatdıran nazir Əbülfəs Qarayev vurğulayıb ki, bu obyektlərdə insanların imkanlarına uyğun xidmətlər təqdim edilməsi sevindirici haldır. Yəni qiymətlər 20-30 manatdan başlayır və 100-150 manatadək artır.
Nazir deyib ki, bu gün turizm ölkəmizdə qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməklə yanaşı, həm də insanların maddi rifahının yaxşılaşması, işsizliyin aradan qaldırılması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması baxımından əvəzsiz imkanlar yaradır və bundan maksimum faydalanmaq lazımdır.