CƏMİYYƏT
Əbuzər İbrahimi Türkmən: Azərbaycanla İran arasında münasibətlər səmimiyyət və dostluq üzərində qurulub
Qafqaz Müsəlmanları İdarəsində İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri ilə görüş keçirilib
Bakı, 13 may, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsində İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə qonağı və onu müşayiət edən şəxsləri səmimi salamlayıb.
Allahşükür Paşazadə deyib: “Azərbaycan ilə İran arasında qarşılıqlı münasibətlərin pisləşməsində maraqlı olan müəyyən qüvvələrin səylərinə baxmayaraq, bu münasibətlər inkişaf edir və möhkəmlənir. Azərbaycan Prezidentinin bu yaxınlarda İrana səfəri dostluq münasibətlərinin göstəricisidir və iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümid yaradır”.
A.Paşazadə xatırladıb ki, Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ münaqişəsini həll etməkdir. O deyib: “Biz sülh istəyirik, amma Ermənistan tərəfi provokasiyaları dayandırmır. Nəticədə Azərbaycan qoşunları ermənilərin cavabını verməyə və Azərbaycan ərazisinin bir hissəsini işğaldan azad etməyə müvəffəq olub”.
A.Paşazadə aprel hadisələri zamanı Azərbaycanı dəstəklədiyinə görə İrana təşəkkürünü bildirib və İranın rəhbəri və dini lideri Ayətullah Əli Xamneinin “Qarabağ müsəlman torpağıdır” fətvasını xatırladıb.
Şeyx bildirib ki, Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Amma indi bəzi pozucu qüvvələr islamın adı ilə pərdələnərək, Azərbaycan ictimaiyyəti arasında konfessiyalararası iğtişaşlar törətməyə çalışırlar.
Ə.Türkmən qeyd edib ki, Azərbaycan ilə İran arasında uğurla inkişaf edən möhkəm dostluq münasibətləri yaranıb. O deyib: “Biz sizin Azərbaycanda islamın inkişafına və möhkəmlənməsinə yönəlmiş işinizi yüksək qiymətləndiririk. Azərbaycan ilə İran arasında münasibətlər bütün sahələrdə inkişaf edir, ikitərəfli münasibətlər səmimiyyət və dostluq üzərində qurulub. Dövlətimiz Azərbaycanın gələcəyi naminə ona dəstək göstərməyə həmişə hazırdır”.