MƏDƏNİYYƏT


“Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib VİDEO

A+ A

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Milli Kitabxanada BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin professoru, Əməkdar Elm Xadimi Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir və “Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, onun kitabxana sahəsində müxtəlif mövzularda qələmə aldığı məqalələr Azərbaycan kitabxana ictimaiyyətinin köməyinə çatır.

Kərim Tahirov təqdim edilən kitab haqqında məlumat verib. Bildirib ki, biblioqrafiq məlumat kitabı Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətinin 2011-ci ildən 2016-cı ilədək olan dövrünü əhatə edir. Professor Abuzər Xələfovun anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin 65 illiyinə həsr olunmuş biblioqrafik məlumat kitabında göstərilən müddət ərzində nəşr olunmuş 47 adda dərsliyi, dərs vəsaiti, monoqrafiyası, metodik göstəriş və proqramları, elmi məqalələri, elmi-metodik və digər materiallar toplanıb. Kitabda, həmçinin professor Abuzər Xələfovun elmi rəhbəri olduğu fəlsəfə doktorluq dissertasiyaları, redaktə etdiyi işlər haqqında da materiallar öz əksini tapıb. Ümumiyyətlə, 227 mənbə müvafiq bölmələrdə qeyd olunub.

Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov nazirlik adından yubilyarı təbrik edərək, professorun faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını, milli kitabxanaşünas-biblioqraf kadrların hazırlanmasında səmərəli işlər gördüyünü söyləyib. Bildirib ki, onun bu yaşda da elmi fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Kitabxana işində ilklərə imza atan Abuzər Xələfov dəfələrlə mükafatlara layiq görülüb. Bu insanın elmi fəaliyyətinin bəhrəsi olaraq Azərbaycanda yüzlərlə insan kitabxana işində fəxri adlara, müəyyən mövqelərə nail olub. Kitabxana işinin fəlsəfi tərəflərini ictimaiyyətə çatdıran alim kimi çox kitabxanaçıların yetişməsində onun xidmətləri danılmazdır.

Tədbirdə BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov, BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva və digər çıxış edənlər Abuzər Xələfovun kitabxana işinin təşkilində novator alim kimi rolundan, bu sahədə ixtisaslı kadrların hazırlanmasında, seçilməsində çox mühüm işlər görməsindən danışıblar.

Sonda Abuzər Xələfov tədbirin keçirilməsinə görə Milli Kitabxanaya və onun yaradıcılığını əks etdirən biblioqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Görkəmli alimin yaradıcılığını, kitabxanaşünaslıq tarixində əvəzsiz xidmətlərini özündə əks etdirən “Abuzər Xələfov 85” adlı kitab sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.