MƏDƏNİYYƏT
Acarıstan Muxtar Respublikası Azərbaycan ilə turizm əlaqələrinin inkişafında maraqlıdır
Tbilisi, 16 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov yanvarın 16-da Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin yeni təyin olunmuş sədri Surxan Glonti ilə görüşüb.
Görüşdə Azərbaycan və onun regionları ilə Gürcüstan, eləcə də Acarıstan Muxtar Respublikası arasında iqtisadi, siyasi, turizm əlaqələrinin inkişafı, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Azərbaycanın mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin ölkəmizə çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.
Rəşad İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərmanı barədə məlumat verib.
Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına toxunan baş konsul Tbilisidə və Batumidə “Əli və Nino” filminin gürcü dilində versiyasının premyerasından söz acıb, bu əlaqələrin gürcü və Azərbaycan xalqlarının qədim dostluğunu tərənnüm edən bir tarix olduğunu bildirib.
Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin sədri Surxan Glonti də dost Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. O, Acarıstan Muxtar Respublikası ilə Azərbaycan arasında turizm sahəsində münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi