İQTİSADİYYAT
Acarıstan ərazisində magistral qaz kəmərində yaranmış problemin tam aradan qaldırılması işləri sürətlə davam edir
Tbilisi, 17 dekabr, AZƏRTAC
Dekabrın 15-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçən magistral qaz kəmərində yaranmış problemin tam aradan qaldırılması istiqamətində işlər sürətlə davam edir. Batumi və Xelvaçauri bölgələrində artıq 38 min abonent təbii qazla tam təmin olunub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “SOCAR Georgia Gas” şirkətinin Batumi üzrə nümayəndəsi David Likişvili söyləyib.
Onun sözlərinə görə, qəza nəticəsində Batumi və Xelvaçauri bölgələrində yaşayan 50 minədək abonentin qaz təminatı dayandırılmışdı. Kobuleti, Kulevi və digər bölgələrdə isə abonentlər əvvəlki qaydada təbii qazdan istifadə ediblər. Qəzanın onlara təsiri olmayıb.
Bu gün günorta saatlarında qalan 12 minə yaxın abonent də mavi yanacaqla təmin olunacaq: “Abonentlərə təbii qazın verilişinin bərpası maarifləndirmə işləri ilə yanaşı aparılır. Gecikmənin əsas səbəbi də budur”, – deyə Likişvili vurğulayıb.
D.Likişvilinin sözlərinə görə, “SOCAR Georgia Gas” şirkətinin Acarıstan bölgəsində 66821 fəal abonenti var. Bu günə kimi bölgədə orta və aşağı təzyiqli 972,6 kilometr uzunluğunda qaz xətti çəkilib. Gələn ilin sonunadək 360 kilometr uzunluqda yeni qaz xəttinin çəkilişi və daha 8935 abonentin təbii qazla təminatı nəzərdə tutulub.
Qeyd edək ki, dekabrın 15-dən 16-na keçən gecə Acarıstan ərazisində magistral qaz kəmərində təmir işləri aparılan zaman kiçik qəza baş vermişdi. Nəticədə 50 minə yaxın abonentin qaz təchizatı dayandırılmışdı.
Hadisə yerinə cəlb olunmuş təmir briqadaları dekabrın 16-da qaz sızmasının qarşısını alıb və kəmərə təbii qazın vurulması bərpa olunub. Hazırda Batumi şəhəri, Xelvaçauri rayonu və kəndlərinin ərazilərində abonentlərə qazın verilişinin bərpası işləri davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi