İQTİSADİYYAT
Açılmamış sərvət dağı - Azərbaycan VİDEO
Tokio, 12 iyun (AZƏRTAC). Yaponiyada xarici ölkələrin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış ekspert Kazuyasu İşidanın bu günlərdə çapdan çıxmış “Yapon iş adamları üçün xaricdə investisiya imkanları” adlı kitabında ölkəmiz haqqında “Açılmamış sərvət dağı – Azərbaycan” sərlövhəli geniş məqalə dərc edilmişdir.
Məqalənin müəllifi 2012-ci ilin oktyabrında Azərbaycana səfər edərək ölkəmizdə investisiya imkanlarını araşdırmışdır.
Məqalə “Bakı böyük zirvələr fəth etmişdir” sözləri ilə başlayır və K.İşida Azərbaycanın inkişafı haqqında fikirlərini yapon oxucularla bölüşür.
Azərbaycanın coğrafi mövqeyi haqqında məlumat verən ekspert onun şimaldan Rusiya, şərqdən Xəzər dənizi və cənubdan İran ilə həmsərhəd olduğunu bildirir. Azərbaycanın zəngin təbii sərvətləri, xüsusən neft və qaz yataqlarının olduğu vurğulanır. Bundan əlavə, müəllif Qafqaz dağlarının gözəlliyindən və Azərbaycanın kənd təsərrüfatına yararlı torpaqlarından bəhs edir. Azərbaycanda mədən sənayesinin yüksək səviyyəli inkişafı diqqətə çatdırılır.
Məqalədə Azərbaycanın ərazisi Yaponiyanın Hokkaydo adası ilə müqayisə olunur. Müəllif Azərbaycan əhalisinin sayının 9,3 milyon nəfər olduğunu qeyd edərək, burada yaşayan çoxsaylı millətlərin dillərinin və mədəniyyətlərinin qorunmasına xüsusi diqqət yetirildiyini bildirir. K.İşidanın qənaətinə görə, regionda baş verən münaqişələrin kökündə məhz burada müxtəlif millətlərin məskunlaşması dayanır.
Dağlıq Qarabağ haqqında yazan müəllif bu ərazilərin Azərbaycana məxsus olduğunu və Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırır. Məqalədə Dağlıq Qarabağın müstəqilliyini elan etməsinə baxmayaraq, onun dünya birliyi tərəfindən tanınmadığı da vurğulanır.
Müəllif Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin istismara başlamasından sonra Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsini təsvir edir. Layihə barədə yapon oxuculara geniş məlumat verilir və bildirilir ki, BTC-dən əvvəl Azərbaycan neft ixracını əsasən Rusiya ərazisindən həyata keçirirdi. Lakin BTC neft kəmərinin işə salınması ilə Azərbaycan neftinin Gürcüstan vasitəsilə Türkiyəyə və oradan Avropa bazarlarına çıxarılmasına şərait yarandığı qeyd olunur. Bildirilir ki, Qazaxıstan da BTC neft kəmərindən bəhrələnir və bu, Avropa ölkələri üçün vacib enerji dəhlizidir.
Müəllif layihənin ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin rolundan bəhs edərək, neftin ixracından əldə olunan gəlirlərin Azərbaycanın tərəqqisinə sərf edildiyini oxucuların nəzərinə çatdırır. Misal olaraq, ümumi daxili məhsulun həcminin 2009-cu ildə 9,3 faiz artdığını göstərir, 2010-cu ildə Azərbaycanın ödəniş balansının müsbət 15 trilyon dollar təşkil etdiyini qeyd edir. Vurğulayır ki, bu göstərici 185 ölkə arasında 18-ci yeri tutan ölkəmizin sürətlə inkişaf etdiyini təsdiq edən əsas faktdır.
Məqalədə bildirilir ki, Azərbaycanda əlverişli biznes mühitinin inkişafı bu əhəmiyyətli artımın təzahürüdür. Müəllif Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, Bakını isə Dubay ilə müqayisə edərək, burada nəhəng layihələrin icrasından danışır. Bunlardan “Khazar İslands”, “Baku White City”, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalının inşası, Heydər Əliyev Mərkəzinin yaradılması, Bakı bulvarının genişləndirilməsi və Bakı Metropoliteninin yeni xətlərinin çəkilməsini oxucuların diqqətinə çatdırır.
K.İşida 60 mindən artıq işçiyə malik olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətindən də bəhs edir. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük layihələrin icra edildiyini vurğulayan müəllif burada yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio