ELM VƏ TƏHSİL
“Açıq dərs” xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunub
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının filologiya və jurnalistika fakültəsinin tələbələrinə Azərbaycan ədəbiyyatı tarixi fənnindən “Bəxtiyar Vahabzadə yaradıcılığının səciyyəvi xüsusiyyətləri” mövzusunda “açıq dərs” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Sofiya Mirzəyeva “açıq dərs”in xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb.
Şairin həyat və yaradıcılığı barədə məlumat verən S.Mirzəyeva qeyd edib ki, B.Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin görkəmli simalarındandır. Milli-mənəvi dəyərlərə hörmət və ana dilinin saflığının qorunması istiqamətində B.Vahabzadənin fəaliyyətini qeyd edən dosent şairin yaradıcılığında toxunduğu mövzulardan söz açıb.
“Açıq dərs”də tələbələr xalq şairinin həyat və yaradıcılığı, əsərləri haqqında ətraflı məlumat veriblər. Şairin şeirləri, o cümlədən “Atılmışlar” poeması səsləndirilib.
“Açıq dərs” müzakirələrlə başa çatıb.