REGİONLAR
Açıq dərslərdə ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri barədə məlumat verilib
Ağcabədi, 27 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğində Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün keçilən açıq dərslər müstəsna əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda keçirilən növbəti dərslərdə Ağcabədi şəhərindəki 4 nömrəli və Laçın rayonunun Vağazin kənd tam orta məktəblərinin 38 nəfər şagirdi iştirak edib. Şagirdlər əvvəlcə dahi liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən eksponatlarla, fotoşəkillər və kitablarla tanış olub, sənədli filmə baxıblar.
Dərslərdə rayonun ən qabaqcıl tarix müəllimləri tərəfindən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilib, şagirdlərə dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.
Gələn il mayın sonunadək davam edəcək açıq dərslərdə rayonun 62 ümumtəhsil məktəbinin XI siniflərinin 1681 nəfər şagirdi iştirak edəcəkdir.