İQTİSADİYYAT
“Açıq hökumət məlumatları” mövzusunda konfransda 60-dək dövlət və özəl qurumun nümayəndələri iştirak edib VİDEO
Bakı, 7 fevral, Elvira Məmmədova, AZƏRTAC
Fevralın 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, 60-dək dövlət və özəl qurumun nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirak etdiyi konfransda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan Respublikasında açıq hökumətin təşviqi üzrə bir neçə ildir ki, ardıcıl siyasət həyata keçirilir. 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya“ ilk dəfə Azərbaycanda təsdiq olunub. 2007-2011-ci illəri əhatə edən bu strategiyada ilk dəfə olaraq açıq hökumət üzrə mühüm tədbirlər müəyyən edilib. Ölkəmizdə elektron hökumətin formalaşmasında və bu xidmətlərin tətbiqində xüsusi əhəmiyyətə malik olan “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanına əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq öz sahələrində elektron xidmətlər təşkil ediblər. Bu xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədilə vahid “Elektron hökumət” portalı yaradılıb və 2012-ci il aprelin 24-dən www.e-gov.az ünvanında fəaliyyət göstərir.
Açıq məlumatlar “Elektron hökumət” quruculuğunda yeni bir inkişaf mərhələsidir. Belə ki, “Elektron hökumət” portalının tərkib hissəsi kimi, 2015-ci ildə RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan www.data.gov.az portalı dövlət orqanlarının məlumatlar toplusuna və əlavə vasitələrə giriş əldə etmək üçün informasiyaları özündə əks etdirir. Portal vasitəsilə istifadəçilər dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilərlər. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim edilən açıq məlumatlar müntəzəm şəkildə yenilənir və təkmilləşdirilir.
Nazir müavini qeyd edib ki, www.data.gov.az portalının əsas məqsədi məlumatların istifadəsi, onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Eyni zamanda, açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların stimullaşdırılması, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının fəaliyyətinin effektivliyinin və səmərəliliyinin artırılması da əsas məqsədlərdəndir. Lakin buna baxmayaraq, bu gün bütün dövlət qurumlarının məlumatları portalda yerləşdirilməyib.
Sonra Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov portalın fəaliyyətindən və açıq məlumatların üstünlüklərindən danışıb.
Bildirilib ki, hazırda ayrı-ayrı dövlət qurumlarının 25 adda məlumat bazası istifadəçilərin ixtiyarındadır. Belə ki, açıq məlumatlar portalında Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri, “Azərsu” ASC və Dövlət Gömrük Komitəsinin məlumatları yerləşdirilib. Eyni zamanda, əksər qurumlara məxsus açıq məlumatlar mövcuddur ki, həmin məlumatların portala yerləşdirilməsi üçün lazımi işlər aparılır.
Diqqətə çatdırılıb ki, zəruri məlumatlar istifadəçi üçün tam açıq edildikdən sonra dövlət xərclərinə qənaət, sahibkarlığa dəstəyin artırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, startapların stimullaşdırılması, elektron xidmətlərin sayının artması, eləcə də BMT-nin “Elektron hökumətin İnkişaf İndeksi” və “Elektron İştirak İndeksi” hesabatlarında ölkəmizin reytinqinin yüksəlməsi kimi müsbət nəticələr əldə olunacaq.
Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup Avropa İttifaqı ölkələrində açıq hökumət məlumatları sahəsində əldə olunan nailiyyətlərlə yerli mütəxəssisləri tanış edib.
Konfransda açıq hökumət məlumatlarının təşviqi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı müzakirələr aparılıb.