REGİONLAR
“Açıq kitabxana” layihəsi Bərdə sakinləri tərəfindən maraqla qarşılanıb
Bərdə, 8 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə şəhər Heydər Əliyev adına park-bulvarda “Açıq kitabxana” layihəsi çərçivəsində keçirilən kitab sərgisi sakinlər tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi kitabxanasının təşkil etdiyi sərgidə Azərbaycan klassiklərinin, orta və gənc nəsil yazarlarının əsərləri və dünya ədəbiyyatına aid 400-ə yaxın kitab nümayiş etdirilib. Burada, həmçinin Turizm İnformasiya Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin Bərdənin qədim tarixini və müasir inkişafını əks etdirən eksponat və suvenirlər də sərgilənib. Sakinlər və rayonun qonaqları kitablarla tanış olmaqla yanaşı, Bərdənin turizm imkanları, tarixi və təbiət abidələri haqqında məlumatlar da əldə ediblər.
Sərgi ilə tanış olan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları fikir mübadiləsi aparıblar. Bildirilib ki, açıq havada təşkil edilən belə tədbirlərin əhalinin və rayonun qonaqlarının məlumatlandırılmasında və kitabxanalara oxucu cəlb edilməsində böyük əhəmiyyəti var. Bu cür tədbirlər rayonda bundan sonra da mütəmadi olaraq keçiriləcək.