MƏDƏNİYYƏT


“Açıq kitabxana” layihəsi davam edir

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşəbbüsü ilə yaradılan “Açıq kitabxana” layihəsi fəaliyyətini uğurla davam etdirir.

AZƏRTAC xəbər verir ki, “Mən oxudum, sən də oxu” devizi ilə paytaxt sakinlərinin istifadəsinə verilən kitabxana oxucuların sərbəst şəkildə mütaliə etməsinə şərait yaradır.

Kitab oxumağın yaşı yoxdur. Əsas odur ki, onunla dost olmağı bacarasan. Məhz buna görə də kitabsevərlərin toplandığı “Açıq kitabxana”ya maraq durmadan artır. İstər yaşlı, istərsə də gənc nəslin nümayəndələri günün iyirmi dörd saatı sözügedən bilik ocağının qonağı olurlar. Bu məkanda kimi arzu etdiyi əsəri mütaliə edərək dincəlir, kimi də əlindəki kitabları yenisi ilə dəyişərək şəxsi kitabxanasını yeniləyir. Bir sözlə, kitab oxumağı sevən hər kəs günlər ötdükcə “Açıq kitabxana”nın bir üzvünə çevrilir.

İyulun 15-dən fəaliyyətə başlayan “Açıq kitabxana”da kitabların dəyişdirilməsi də mümkündür. Belə ki, istənilən şəxs özünün mütaliə etdiyi əsəri kitabxanaya təhvil verməklə əvəzində oxumadığı kitabı aparmaq şansı qazanır. Bununla ona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliəsinə şərait yaradır. İsti yay günlərində asudə vaxtını səmərəli keçirmək üçün hər gün kitabxanaya üz tutan, mütaliə etməkdən zövq alan gənclərimiz də az deyil.

Buna görə də dünyagörüşünü zənginləşdirmək üçün layihənin rolu çox əhəmiyyətlidir. Növbəti günlərdə isə açıq kitabxanada poeziya gecələri, mütaliə axşamları, yazıçı və şairlərlə görüşlər təşkil olunacaq. Həmçinin kiçik guşədə kitab satışı mərkəzinin də yaradılması nəzərdə tutulur. İstənilən müəllif özünün yeni çap olunan kitabını satış üçün açıq kitabxanaya təqdim edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.