REGİONLAR


“Açıq qapı” günündə valideynlər və qonaqlar hərbi hissədə yaradılan şəraitlə tanış olublar

A+ A

Kürdəmir, 12 sentyabr, AZƏRTAC

Kürdəmir rayonundakı “H” saylı hərbi hissədə “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar hərbi hissənin həyətində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Əsgər və zabitlərin, valideynlərin, yeniyetmələrin qarşısında çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli, hərbi hava qüvvələrinin zabiti polkovnik-leytnant Ramiz Əmrahov, qarnizon komandiri polkovnik Namiq İslamzadə Qurban bayramı münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun qadir olduğu hərbi qüdrətdən danışıblar.

Natiqlər bu il aprelin əvvəlində erməni silahlı birləşmələrinin təxribatına qarşı Azərbaycan Ordusunun göstərdiyi şücaəti məhz əsgər və zabitlərimizin torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə hər an hazır olmalarının sübutu kimi dəyərləndiriblər.

Sonra müdafiə naziri Zakir Həsənovun Qurban bayramı münasibətilə əsgər və zabitlərə təbriki oxunub.

Qonaqlar meydanda təşkil edilən sərgiyə baxıblar. Burada nümayiş etdirilən müxtəlif növ təlim-döyüş texnikası, əsgər geyimləri və təminatı barədə onlara məlumat verilib. Valideynlər və digər qonaqlar əsgərlərə göstərilən tibbi xidmət, yaradılan yataq və istirahət şəraiti, əsgər yeməkləri ilə tanış olublar.

“Açıq qapı” gününün iştirakçıları xüsusi avtobusla hərbi hava qüvvələrinin təlim-məşq meydançasına aparılıb, nümayiş etdirilən zenit-raket kompleksi, zenit qurğusu, DSKM tipli hava və yer hədəflərini vuran pulemyotlar və digər silah növləri barədə məlumatları maraqla dinləyiblər.

“Açıq qapı” günündə çıxış edən valideynlər ordumuzla fəxr etdiklərini bildiriblər.

Sonda Kürdəmir rayon Mədəniyyət Evinin musiqi kollektivinin ifasında rəngarəng konsert proqramı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.