SİYASƏT
Əcmanda yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müstəvidə üzləşdikləri problemlərin həllinə dair müzakirələr aparılıb
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Əcman polis baş komandanı, general-mayor Şeyx Sultan bin Abdullah Əl-Nueymi ilə görüşüb.
Konsulluqdan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni sahələrdəki münasibətlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Baş konsul Azərbaycan ilə BƏƏ arasındakı ikitərəfli münasibətlər barədə ümumi məlumat verib. Bildirib ki, bu münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Məktumun sonuncu səfərlərindən sonra yeni mərhələyə qədəm qoyaraq daha da yaxşılaşıb.
Şeyx Sultan qardaş Azərbaycan xalqı ilə münasibətlərin böyük potensialının, dinamik inkişafının sevindirici hal olduğunu bildirib.
Görüşdə, həmçinin Əcman Əmirliyində yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müstəvidə üzləşdikləri problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. P.İsmayılzadə soydaşlarımızın hüquqlarının qorunması və bərpası istiqamətində Əcman polisinin səmərəli fəaliyyətini yüksək qiymətləndirib.
Baş konsul əlaqələrimizin inkişafının daha bir göstəricisi kimi, 2015-ci il noyabrın 10-dan etibarən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının Azərbaycana səfəri ilə bağlı sadələşdirilmiş viza rejiminin tətbiq olunduğunu qeyd edib. Bildirib ki, bundan sonra Əmirlik vətəndaşlarının turist qismində Azərbaycana səfərlərinin sayında nəzərəçarpacaq sıçrayış qeydə alınıb. P.İsmayılzadə iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, turizm və digər sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu diqqətə çatdırıb.
Şeyx Sultan Əcman Əmirliyində yaşayan Azərbaycan vətəndaşlarının yüksək hüquqi mədəniyyətə sahib olduqlarını xüsusi vurğulayıb. O, vətəndaşlarımızın üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün baş konsulluqla əməkdaşlığa hazır olduqlarını bildirib.
Daha sonra Baş konsul hüquq mühafizə orqanları arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Əcman polis baş komandanını münasib bir vaxtda Azərbaycana səfərə dəvət edib.