ELM VƏ TƏHSİL
Əcnəbi gənclərin Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul qaydaları elektronlaşdırılıb
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) dünyanın nüfuzlu universitetlərinin standartlarına uyğun olaraq 2015/2016-cı tədris ilindən əcnəbi gənclərin qəbul qaydalarını elektronlaşdırıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın iqtisad profilli yeganə dövlət ali təhsil müəssisəsi olan ADİU 21 ixtisas üzrə əcnəbilərin bakalavr və magistratura səviyyələrində tələbə qəbulunu elan edir. Təhsil Azərbaycan, türk, rus və ingilis dillərində aparılır.
Əcnəbi vətəndaşlar üç dildə fəaliyyət göstərən kabinet.unec.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edəcək və müvafiq tələblərə cavab verdikləri halda təhsil almaq hüququ qazanacaqlar. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı, tövsiyə məktubu da tələb edilir.
Növbəti mərhələdə isə abituriyentlər “Skype” vasitəsilə müsahibəyə dəvət olunacaqlar.
Sənəd qəbulu sentyabrın 10-dək davam edəcək.