ELM VƏ TƏHSİL


Əcnəbi tələbələr: Biz Zəhranı qətl edənlərin  tezliklə mühakimə olunmasını istəyirik

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı bəyanat verib. Bəyanatı Almaniya, Banqladeş, Nigeriya, Qambiya, Qırğızıstan, Zimbabve, Tacikistan, Türkiyə, Böyük Britaniya, Çin, Yunanıstan, Syerra Leone, Ukrayna, Pakistan və Rumıniyadan olan tələbələr yayıblar.

Bəyanatda deyilir: “Biz - Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi və Sərvinaz Quliyevanın yaralanması ilə nəticələnən hadisədən çox sarsıldıq. Xüsusən 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi insanlığın faciəvi dramıdır. Bu hadisə bizə 3 ay bundan öncə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfərimiz zamanı vaxtilə orada dağılmış evləri, həyət-bacaya səpələnmiş uşaq oyuncaqlarını görərkən keçirdiyimiz hissləri bir daha yaşatdı.

Eyni zamanda, kəndin yenidən bərpa olunaraq mülki əhalinin yaşaması üçün hər cür şəraitin yaradılması bizdə sülhə, dinc birgə yaşayışa inam hissi yaratmışdı. Bu inam Cocuq Mərcanlıda bünövrəsi qoyulan yaşayış evləri, məktəb binası ilə tanış olarkən daha da möhkəmlənmişdi.

Ancaq təəssüf edirik ki, dünyanın ən möhtəşəm himni olan körpə qığıltısını Alxanlı kəndində atəş saçan silahların səsi susdurdu, dünyanın ən böyük sevincini bizə bəxş edən məsum uşaq təbəssümünü insanı sarsıdan tablo əvəz etdi. İki yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək.

Biz Zəhranı qətl edənlərin tezliklə mühakimə olunmasını istəyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.