ELM VƏ TƏHSİL
Əcnəbi tələbələr: UNEC regionun iqtisadyönümlü ən nüfuzlu universitetidir
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almaq üçün müraciət etmiş əcnəbilərlə skype vasitəsilə müsahibələrə start verilib. Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib.
Videomüsahibələr zamanı xarici ölkə vətəndaşları UNEC-in təklif etdiyi yüksək təhsil xidmətlərini, eyni zamanda, burada tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Onlar UNEC-i regionda iqtisadyönümlü ən böyük universitet olaraq dəyərəndirdiklərini bildiriblər. Bununla yanaşı, müsahibələr zamanı UNEC-ə qəbul olmaq istəyən əcnəbi vətəndaşlara mübadilə və ikili diplom proqramları haqqında məlumat verilib.
Qeyd edək ki, UNEC-ə əcnəbilərin sadələşdirilmiş elektron qəbulu üç ildir ki, uğurla davam edir. Müraciət edən əcnəbi vətəndaşlar sadələşdirilmiş kabinet.unec.edu.az saytından istifadə edirlər. Sənədlərin elektron variantına UNEC-in beynəlxalq əməkdaşlıq departamentində baxıldıqdan sonra müraciət edən şəxslər müsabiqəyə dəvət olunur. Müsabiqə skype vasitəsilə aparılır. Bu haqda onların şəxsi kabinetlərinə və elektron ünvanlarına bildirişlər göndərilir.