REGİONLAR
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təşkil edilən kurs yekunlaşıb
Naxçıvan, 3 sentyabr, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən avqust ayının 19-dan başlanan kursa yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında təşkil edilən məşğələlərdə xidmətin əməkdaşları ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin, AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin nümayəndələri də yaxından iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan tarixinin, mədəniyyətinin və miqrasiya sahəsində qanunvericiliyin öyrədilməsi məqsədi ilə keçirilən kursun son günü iştirakçılar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olublar.
Muzeyin bələdçisi Hicran Bədəlova kurs iştirakçılarına bu mədəniyyət ocağı barədə ətraflı məlumat verərək fondda Ulu Öndərimizin həyat və fəaliyyətini əks etdirən 4552 eksponat toplandığını bildirib. Qeyd edilib ki, Azərbaycanın son 45 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi xalqımızın böyük oğlu Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, inkişaf baş verib. Azərbaycan zamanın ağır və sərt sınaqlarından çıxaraq tərəqqiyə qovuşub, regionda lider dövlətə çevrilib.
İran İslam Respublikasının vətəndaşı, muxtar respublikaya Təbriz şəhərindən gəlmiş Yusif Sadri AZƏRTAC–ın müxbiri ilə söhbətində qeyd edib ki, dahi insana aid eksponatlar, ümumilikdə, muzeyin ekspozisiyası ona görkəmli dövlət xadimi Heydər Əliyev haqda ətraflı məlumat almaq imkanı verdi. Buna görə Dövlət Miqrasiya Xidmətinə və onun əməkdaşlarına minnətdardır.
Türkiyə vətəndaşı Selahaddin Güneri də muzeyi ziyarətdən böyük məmnunluq hissi keçirdiyini deyib və bildirib ki, muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində keçirilən kurs, ümumilikdə, Naxçıvanı və onun dahi şəxsiyyətlərini tanımaq baxımından çox əhəmiyyətli olub. Bundan başqa, kurs zamanı Azərbaycan xalqının tarixi, adət-ənənələri, ölkənin turizm imkanları və tarixi abidələri, Azərbaycanın dövlətçilik tarixi, Ulu Öndərin dövlətçilik tarixindəki rolu haqda ətraflı məlumat verilib, habelə onların hüquqi vəziyyəti, olduğu yer üzrə qeydiyyatı, müvəqqəti yaşama, daimi yaşama və iş icazələrinin verilməsi qaydalarına dair məşğələlər təşkil edilib. Bütün bunlar əmək miqrantları tərəfindən minnətdarlıqla qarşılanıb.
“Naxçıvanda işləmək də, yaşamaq da insana zövq verir”. Bu sözləri qardaş Türkiyə Cümhuriyyətinin vətəndaşı, Ankara şəhərindən gəlmiş Məhəmməd Gündüz Ateş deyib. Qeyd edib ki, hər səhər qısa müddətə də olsa, evdən çıxıb şəhəri gəzir və buradakı sakitlik, əmin-amanlıq, yaşıllıqlar, bir-birindən gözəl binalar, gül-çiçəyə bürünmüş park və meydanlar ona zövq verir, yaşamağa həvəsləndirir. Həmsöhbətimiz bildirir ki, artıq uzun müddətdir, Naxçıvandadır və bir dəfə də olsun küçədə ictimai asayişi pozan bir insanla qarşılaşmayıb. Hər kəs bir-birinə qarşı mehriban, son dərəcə nəzakətli, qonaqlara münasibətdə son dərəcə həssasdır. O, böyük şəhərdə yaşamış bir insan kimi deyir ki, Naxçıvanın sakitliyi, təmizliyi, qayda-qanuna son dərəcə ciddi əməl olunması başqa şəhərlərə nümunə olacaq tərzdədir.
Miqrantların muxtar respublikada fəaliyyət göstərən Bayraq Meydanı Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksləri, Naxçıvan Dövlət Tarix Muzeyi və Bəhruz Kəngərli Muzeyinə ziyarətləri də təşkil edilib.