REGİONLAR


“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti” mövzusunda tədbir keçirilib

Naxçıvan, 19 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov açaraq suveren dövlətçiliyimizin əsasını təşkil edən qurumun fəaliyyətindən, ölkəmizdəki siyasi sabitlik, sosial-iqtisadi inkişaf nəticəsində miqrantların sayının artmasından danışıb. Prorektor Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin ali təhsil ocağı ilə sıx əməkdaşlığından söhbət açıb. O vurğulayıb ki, 1998-ci ildə xarici tələbələr üzrə dekanlığın yaradılması bu əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Hazırda universitetdə 18 ixtisas üzrə 232 xarici tələbə təhsil alır. Bunlardan 205-i Türkiyə, 12-si İran, 1-i İraq, 2-si Qazaxıstan, 2-si Koreya, 10-u Nigeriya vətəndaşıdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev “Naxçıvan Muxtar Respublikasında miqrasiya prosesləri” mövzusunda çıxışında qeyd edib ki, rəhbərlik etdiyi qurum öz vəzifələrini yerinə yetirərkən, hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. O qeyd edib ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasına daxil olan hər bir kəs Azərbaycan Respublikasının Konstitusiyasına uyğun davranmalı, milli və mənəvi dəyərlərimizə hörmət nümayiş etdirməlidir.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından İlkin Rəhimov “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması”, Kənan Məmmədov “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti yaşaması”, Qiyas Paşayev “Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlərin əyani şəkildə izahı” və Zakir Məmmədov “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunveri­cilikdə nəzərdə tutulmuş məsuliyyət” mövzusunda çıxış ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin müalicə işi ixtisası üzrə IV kurs tələbəsi Çevik Tolgahan xarici tələbələri məlumatlandırdıqları üçün xidmət əməkdaşlarına tələbələr adından minnətdarlığını bildirib.

Sonda Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov və Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev xarici tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim ediblər.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.