SİYASƏT
Əddis-Əbəbədə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
Əddis-Əbəbə, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfirliyinin təşkilatçılığı ilə Əddis-Əbəbədəki Kebebe Tsehay uşaq evində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib. Xeyriyyə aksiyası zamanı uşaq evinə ehtiyac duyulan dərman preparatları təqdim edilib.
Tədbirdə çıxış edən səfir Elman Abdullayev müasir müstəqil Azərbaycan Respublikasının banisi ulu öndər Heydər Əliyevin xalqı qarşısında misilsiz xidmətləri barədə danışıb. Uşaq evinin direktoru xanım Menbere Qebriel Efiopiyada kimsəsiz uşaqlara bu cür qayğı göstərdiyinə və xüsusilə ciddi ehtiyac duyulan dərman preparatları hədiyyə etdiyinə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib. O, bu addımı Efiopiyanın gələcək nəsli üçün önəmli mənəvi dəstək kimi dəyərləndirib.
Xeyriyyə aksiyasından sonra Azərbaycanın Əddis-Əbəbədəki səfirliyində Ulu Öndərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə çıxış edən səfir E.Abdullayev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin uzaqgörən və praqmatik siyasəti sayəsində ölkəmizi ağır vəziyyətdən xilas etdiyini, sabitliyin, davamlı inkişafın təməlini qoyduğunu və vətəndaş qarşıdurmasının qarşısını aldığını bildirib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin dünyada nüfuzunun gücləndirilməsində tarixi rolunu qeyd edən səfir Ulu Öndərin hər zaman xalqının yanında olduğunu vurğulayıb.
Anım mərasimində Azərbaycanda təhsil almış efiopiyalı məzunlar, akademik dairələrin nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə