CƏMİYYƏT
“Addis Zemen” qəzetində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu haqqında məqalə dərc edilib
Bakı, 3 may, AZƏRTAC
Efiopiyanın “Addis Zemen” dövlət qəzetində BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş VII Qlobal Forumu haqqında məqalə dərc edilib.
Məqalədə Forum çərçivəsində nümayəndə heyətləri tərəfindən yekdilliklə qəbul edilən və millətlər arasında harmoniyaya nail olunması üçün əsas sənəd olan Bakı Bəyannaməsi haqqında ətraflı məlumat verilir. Həmin Bəyannamədə BMT-nin Sivilizasiyalar Alyansının inklüziv cəmiyyətlərin qurulmasında əsas rol oynadığı qeyd edilir.
Məqalədə, həmçinin Prezident İlham Əliyevin açılışındakı nitqinə xüsusi yer verilir. Dövlətimizin başçısının Azərbaycanın Şərqlə Qərb arasında həm coğrafi, həm mədəni baxımdan körpü rolunu oynadığı, əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə sülh şəraitində, birgə yaşadıqları vurğulanır.
Müəllif digər yüksək səviyyəli rəsmilərin, o cümlədən BMT-nin baş katibi Pan Gi Munun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları barədə də məlumat verir.