ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunda Bahar Bərdəlinin 60 illik yubileyi qeyd olunub

Bakı, 6 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda yazıçı, şair və ədəbiyyatşünas Bahar Bərdəlinin 60 illik yubileyinə və üçcildlik “Seçilmiş əsərləri”nə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəlinin elmi fəaliyyətindən danışaraq onun ədəbiyyata tam varlığı ilə bağlı insan olduğunu söyləyib. Alimin əsərlərinin çoxaspektli səciyyə daşıdığını deyən akademik onun şairlərdən Balaş Azəroğlu, Söhrab Tahir, Mədinə Gülgün, Əli Tudə, həmçinin Qabil və Nurəngiz Günlə bağlı araşdırmalarının ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Şairənin üçcildlik “Seçilmiş əsərləri” barədə danışan akademik bildirib ki, B.Bərdəli nadir arxiv materiallarından və xatirələrdən bəhrələnərək əhatəli araşdırmalar aparıb və ədəbiyyatşünaslıq elminə sanballı töhfələr verib. İ.Həbibbəyli nəşrin birinci cildində B.Bərdəlinin müxtəlif illərdə qələmə aldığı şeirlərinin, ikinci cildində Qarabağla bağlı nəsr əsərlərinin, üçüncü cildində isə elmi əsərlərinin toplandığını diqqətə çatdırıb. İ.Həbibbəyli şairənin "Qarabağa məktub", "Yurdum mənim", "İgidlər doğulur" kimi şeirlərində vətəni tərənnüm etdiyini, vətənpərvərlik duyğularını elmi axtarışlarında sistem halına salaraq ciddi tədqiqata çevirdiyini söyləyib.

Tədbirdə filologiya elmləri doktorları Asif Rüstəmlinin "Bahar Bərdəli tədqiqatçı kimi", Vüqar Əhmədin "Bahar Bərdəlinin poetik dünyası" və filologiya üzrə fəlsəfə doktoru Mənzər Eynullayevanın "Bahar Bərdəlinin nəsri" mövzularında məruzələri dinlənilib.

Sonra Bahar Bərdəliyə Ədəbiyyat İnstitutunun fəxri fərmanı təqdim olunub.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.