ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda “Molla Pənah Vaqif və folklor” mövzusunda elmi konfrans keçirilib
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Molla Pənah Vaqif və folklor” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən elmi konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə açıb. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini yüksək dəyərləndirən İsa Həbibbəyli təsdiq edilmiş tədbirlər planına əsasən görülən işlərdən ətraflı bəhs edib. Qeyd olunub ki, Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilib, əsərləri kütləvi tirajla nəşr edilib və yubileyləri keçirilib. 1982-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. 300 illik yubileyi ilə əlaqədar Molla Pənah Vaqifin adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edildiyini xatırladan akademik İsa Həbibbəyli, həmçinin bu ilin TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif ili” elan olunduğunu mühüm əhəmiyyətə malik ədəbi-tarixi hadisə kimi səciyyələndirib.
AMEA-nın ayrı-ayrı elmi-tədqiqat müəssisələrində Molla Pənah Vaqifin yubileyi ilə bağlı elmi konfrans və sessiyaların keçirildiyini, qarşıda yekun tədbirin nəzərdə tutulduğunu diqqətə çatdıran İsa Həbibbəyli şairin yaradıcılığını klassik ənənə ilə yeni dövr ədəbiyyatı arasında mərhələ olduğunu xüsusi vurğulayıb. Molla Pənah Vaqifi öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar kimi xarakterizə edən akademik bildirib ki, şair dəyərini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə inkişafına əsaslı təsir göstərib.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Molla Pənah Vaqifin həyat və yaradıcılığının əsas xüsusiyyətlərindən, böyük şairin zəngin ədəbi irsində şifahi xalq düşüncəsinin, folklorun rolundan danışıb.
Plenar iclasda AMEA-nın müxbir üzvü Kamran Əliyev “Molla Pənah Vaqif realizmi və folklor”, professor Nailə Rəhimbəyli “Molla Pənah Vaqif yaradıcılığı və xalq musiqisi” və filologiya üzrə elmlər doktoru İslam Sadıq “Molla Pənah Vaqif irsi və XIX əsr Azərbaycan aşıq şeiri” mövzusunda məruzə ilə çıxış ediblər.
Müzakirələr bölmə iclaslarında davam etdirilib.
Tədbirdə elmi ictimaiyyətin nümayəndələri, tədqiqatçı alimlər, media təmsilçiləri iştirak ediblər.