ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunun veb-saytının yeni versiyası istifadəyə verilib
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu qurumun veb-saytının təqdimatı olub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi müəssisədə son zamanlar yüksək texnologiyaların sürətlə tətbiq olunduğunu söyləyib. Qeyd edilib ki, 2014-cü ildə institutda elektron müşahidə sistemi yaradılıb, elektron akt zalı fəaliyyətə başlayıb, həmçinin elektron kitabxana oxucuların istifadəsinə verilib.
Vurğulanıb ki, bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun işıqlandırılmasında xüsusi əhəmiyyət daşıyır və alimlərimizin fəaliyyətinə dair məlumatlar bu saytlar vasitəsilə operativ yayımlanır. İ.Həbibbəyli Ədəbiyyat İnstitutunun veb-saytının bütün müasir tələblərə cavab verdiyini və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırıb.
Sonra institutun elmi informasiya və tərcümə şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva “www.literature.az” saytını təqdim edərək veb-saytın yaradılmasının əsas məqsədinin institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş çatdırılması olduğunu bildirib.
Məruzəçi saytın strukturu haqqında ətraflı məlumat verərək üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytda “İnstitut haqqında”, “Elm”, “Təhsil”, “Şuralar”, “Konfranslar”, “Təqdimatlar”, “Yeni nəşrlər”, “E-kitabxana” bölmələrinin yer aldığını, institutda keçirilən mühüm tədbirlərin “Fotoqalereya” və “Videoqalereya” bölmələrində əksini tapdığını söyləyib.
Tədbirdə saytı hazırlayan “Time4soft” MMC şirkətinin direktoru Ruslan Əliyev veb-saytın xətti dizayn və blok formatında hazırlandığını və rəsmi qurumlara keçid linklərinin burada yerləşdirildiyini söyləyib.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova və başqaları çıxış edərək veb-saytla bağlı təkliflərini səsləndiriblər.