ELM VƏ TƏHSİL
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib
Bakı, 27 mart, AZƏRTAC
Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə bütün bölgələrdən VIII-XI sinif şagirdləri olmaqla 114 nəfər iştirak edib. İştirakçılar dörd variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.
Şagirdlərin yazı işləri nazirliyin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Təhsil Nazirliyinin 2016-ci il 7 noyabr tarixli əmrinə müvafiq olaraq keçirilir. Bu müsabiqə, həmçinin nazirliyin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.
“Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 30 minədək şagird iştirak edib, onlardan 4 min 665-i rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevralda yekunlaşdırılıb və bölgələrdən qalib hesab edilən 114 şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün Təhsil Nazirliyinə təqdim olunub. Onlardan doqquzu VIII, 30 nəfəri IX, 35 nəfəri X, 40 nəfəri XI sinif şagirdidir.
Müsabiqənin keçirilməsinin məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.