ELM VƏ TƏHSİL
“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsində 176 şagird iştirak edib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, paytaxtdakı 258 nömrəli tam orta məktəbdə və Məktəb-Lisey Kompleksində keçirilən şəhər mərhələsində Bakının 12 inzibati rayonu üzrə ümumi təhsil məktəblərindən 176 şagird iştirak edib.
Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, üç mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.
Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən iki variant üzrə 12 açıq sual verilib. Həmçinin müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar.
Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənməkdir. Həmçinin mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.
Müsabiqənin şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.