MƏDƏNİYYƏT
“Ədəbiyyat” qəzetinin saytının təqdimatı olub
Bakı, 26 may, Ceyhun Alışlı, AZƏRTAC
Mayın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Ədəbiyyat” qəzetinin saytının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə AYB-nin katibi, Xalq Şairi Fikrət Qoca çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.
F.Qoca ədəbi tribunamızın mətbu orqanı olan qəzetin nəşr olunduğu ildən bugünədək gördüyü işlərə toxunaraq qeyd edib ki, qəzet ədəbi meyarları yüksək olan yazarlara hər zaman dəstək olub. Şair, eyni zamanda AYB-nin mətbu orqanı sayılan qəzetin və onun saytının bundan sonrakı fəaliyyətinə öz xeyir-duasını verərək kollektivə uğurlar arzulayıb.
AYB-nin katibi İlqar Fəhmi qəzetin hədəf götürdüyü istiqamətlərlə bağlı fikirlərini bölüşüb. Qəzetin həyata keçirdiyi layihələrdən danışan İ.Fəhmi bildirib ki, o layihələrdən biri də “Ədəbiyyat” qəzeti ilə AYB-nin birgə təşəbbüsü əsasında reallaşan “Əli bəy Hüseynzadə” mükafatının təsisidir. Saytın işə başlamasını yüksək dəyərləndirən yazıçı, onun fəaliyyətinə uğurlar arzulayıb.
Çıxış edən digər qonaqlar da qəzetin fəaliyyət istiqamətlərindən, onun gördüyü və görəcəyi işlərdən danışıblar.
İştirakçılara təşəkkürünü bildirən “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan yeni sayt haqqında məlumat verib. Bildirib ki, bu sayt Azərbaycan ədəbiyyatının təbliğinə, gənc istedadların tanınmasına, eləcə də görkəmli ədiblərimizin həyat və yaradıcılığına güzgü tutacaq.
Tədbir çərçivəsində “Ədəbiyyat qəzeti yayınları” seriyasından nəşr olunmuş ilk nəşrin – həyatdan vaxtsız köçmüş şair Faiq İsmayılovun “İynəboyu böyük dünya” kitabının təqdimatı olub.
Sonra “Əli bəy Hüseynzadə” mükafatı təqdim edilib.