MƏDƏNİYYƏT
“Ədəbiyyatımızın müsəlləh əsgəri” adlı ədəbi-bədii gecə
Bakı, 30 aprel, Aynur İsmayılova, AZƏRTAC
Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş “Ədəbiyyatımızın müsəlləh əsgəri” adlı ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əməkdar İncəsənət Xadimi, aktyor, rejissor Əbdül Mahmudov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Zaməddin Ziyadoğlu, Səməd Vurğunun ev-muzeyinin fond müdiri Xanım Şadlinskaya, şairə Zərəngiz Dəmirçi Qayalı, tədqiqatçı, publisist Şəmistan Nəzərli, “Səda” Tədris Teatrının direktoru Mirələsgər Aslanov və başqaları şairin həyat və yaradıcılığından söhbət açıblar.
Bildirilib ki, Səməd Vurğunun Azərbaycan ədəbiyyatının qızıl fondunu bəzəyən əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasında dayanır və mövzu baxımından aktualdır. Şairin “Fənər”, “Könül dəftəri”, “Şeirlər” adlı kitabları və yeni ruhlu şeirləri Azərbaycan ədəbiyyatına, poeziyamızın dilinə, dramaturgiyaya əlvanlıq, zənginlik gətirib. “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, həmçinin “Muğan”, “Aygün”, “Zamanın bayraqdarı” və digər poemalarını yazan həmişəyaşar şair xalqın oxuyan qəlbi, “Odlar yurdu”nun nəğməkarı olub. Əlinə qələm aldığı ilk gündən Azərbaycanı, onun keçmişini, bu gününü, sabahını tərənnüm edib, şöhrətini dünyaya yayıb.
Vurğulanıb ki,1956-cı ildə şairin yubileyinin keçirilməsinə hazırlıq çərçivəsində “Azərbaycanın Xalq Şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.
Ədəbi-bədii gecədə şairin həyat və yaradıcılığını əks etdirən videoçarx, “Komsomol poeması”nın motivləri əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmindən fraqmentlər və “Ədəbiyyatımızın müsəlləh əsgəri” adlı kitab sərgisi nümayiş olunub.
Sonda şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.