QAN YADDAŞI
“Adjara P.S.” qəzeti Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edib
Batumi, 31 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasinin “Adjara P.S.” qəzetində gürcü dilində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, XX əsrin əvvəllərində Azərbaycan xalqına qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlayan daşnaklar 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törədib, on minlərlə insanı qətlə yetiriblər. Bu etnik təmizləmə siyasəti sonrakı dövrlərdə də davam etdirilib. Eləcə də 1988-1994-cü illərdə Azərbaycanın 20 faiz ərazisi işğal olunub, bir milyona yaxın azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. Ermənilər törətdikləri cinayətlərin izini itirmək üçün özlərini məzlum və yazıq xalq kimi təqdim edir, qondarma “erməni soyqırımı” iddialarını irəli sürürlər.
Məqalədə, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunduğu oxucuların diqqətinə çatdırır.
Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilməsi, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi məqalədə xüsusi vurğulanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi