CƏMİYYƏT


Ədliyyə Akademiyasında “İnsan hüquqları aylığı” çərçivəsində “dəyirmi masa” keçirilib

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, ölkəmizdə hər il qeyd olunan 18 iyun – İnsan Hüquqları Gününün təsis edilməsinin 10 ili tamam olur.

Bu münasibətlə “İnsan hüquqları aylığı” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən silsilə tədbirlər, o cümlədən gənc ədliyyə işçiləri ilə görüş, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri tərəfindən insan hüquq və azadlıqlarının təmin olunması, hüquq bərabərliyi üzərində qurulmuş multikultural dəyərlərin təşviqi və s. mövzularda hüquqi maarifləndirmə tədbirləri, seminar-müşavirələr, təlimlər təşkil olunub.

Davam edən tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında “İnsan hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili məsələləri” mövzusunda “dəyirmi masa” keçirilib.

Ədliyyə Akademiyasından AZƏRTAC-a bildiriblər ki, nazirliyin, Penitensiar xidmətin, Akademiyanın məsul şəxslərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, o cümlədən ədliyyə naziri yanında İctimai Komitənin üzvlərinin, eləcə də gənclərin iştirakı ilə keçirilmiş tədbirdə respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, beynəlxalq təşkilatlarla əməkdaşlıqdan, Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından bəhs olunub, bu sahədə hüquqi maarifləndirmənin, hüquqşünasların insan hüquqları üzrə tədrisinin əhəmiyyətindən danışılıb.

Bildirilib ki, Ədliyyə Akademiyasında insan hüquqlarının tədrisinə daim xüsusi önəm verilir, təşkil olan təlim kurslarının proqramlarına bu mövzuda müxtəlif aktual məsələlərə dair mühazirələr daxil edilərək tədris olunur. Həmçinin Avropa Şurasının (AŞ) Hüquqşünasların insan hüquqları üzrə tədrisinə dair Proqramının (HELP) imkanlarından geniş istifadə olunur, AŞ ilə birgə "Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi" layihəsi həyata keçirilir. Geniş dinləyici auditoriyasına malik olan Akademiyada cari ilin ötən dövründə minə yaxın ədliyyə işçiləri, vəkillər, hakimlər, prokurorlar, habelə bu kateqoriyaya aid hüquqşünas namizədlər aidiyyəti təlimlərə cəlb olunublar.

Tədbirdə dövlətimizin başçısının cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasında müstəsna əhəmiyyəti qeyd olunub, ölkəmiz üçün yeni olan probasiya institutunun tətbiqi, perspektivləri, bu sahədə xarici ölkələrin müsbət təcrübəsi, habelə Akademiyada əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərən Hüquq Klinikasının fəaliyyəti barədə məruzə ilə çıxışlar edilib.

Müzakirələr zamanı qeyri-hökumət təşkilatlarının nümayəndələri mövzu ətrafında fikir mübadiləsi aparıb, ictimai dinləmələrin, “dəyirmi masa”ların, digər maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, bir sıra konkret təkliflər irəli sürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.