CƏMİYYƏT


Ədliyyə Nazirliyində Türkiyənin ölkəmizdəki səfiri ilə görüş olub

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkun ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən nazir bu münasibətlərin xalqlarımızın ümumi milli mənafelərinə uyğun daha da möhkəmləndiyini vurğulayıb, Türkiyənin bu ilin iyul ayında baş vermiş dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə alaraq demokratiya yolu ilə uğurla inkişaf etdiyini qeyd edib.

Nazir iki ölkə arasında hüquqi sahədə qarşılıqlı fəaliyyətin daha da intensivləşdiyini, bu il məhkəmə, ədliyyə və prokurorluq orqanlarının rəhbər şəxslərinin Azərbaycana məhsuldar səfərlərini xatırladıb, əlaqələrimizin inkişafında səfir İsmail Alper Coşkunun xidmətlərini vurğulayıb.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verilib, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakı, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə hakimliyə namizədlərin Türkiyədə təlim keçdiyi təqdir edilib.

Qeyd olunub ki, hazırda hakimliyə namizədlərin növbəti seçimi aparılır və Türkiyə tərəfi tədrisə buraxılacaq namizədlərin qardaş ölkədə təcrübə keçmələrini təşkil etməyə hazır olduğunu bildirib.

Ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edən səfir ötən müddətdə Azərbaycanın dinamik inkişafının, sürətli dəyişikliklərin şahidi olduğunu diqqətə çatdırıb. O, Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı xalq tərəfindən alındıqdan sonra ölkədə həyata keçirilən tədbirlərdən bəhs edərək Azərbaycan xalqının və dövlət başçısının hər zaman, o cümlədən çətin məqamlarda Türkiyənin yanında olduğunu vurğulayıb, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin davamlı inkişafından danışıb.

İsmail Alper Coşkun, həmçinin Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlığını bildirib, Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləyib.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.