CƏMİYYƏT


Ədliyyə naziri Ağcabədidə vətəndaşları qəbul edib

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 30-da ədliyyə naziri Fikrət Məmmədov Ağcabədi rayonu Mədəniyyət Mərkəzində Ağcabədi, Beyləqan və İmişli rayonları sakinlərinin, habelə digər bölgələrdən olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri Ağcabədidə yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti, o cümlədən rayon qeydiyyat şöbəsinin əsaslı təmirdən sonra istifadəyə verilmiş yeni binası ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızın, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə əldə olunan nailiyyətlərdən bəhs edib. Fikrət Məmmədov bu günlərdə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda xalqımızın böyük vətəndaş həmrəyliyi nümayiş etdirərək Azərbaycanın hərtərəfli sürətli tərəqqisinə, gələcək inkişafına səs verdiyini qeyd edib, referendumun Prezident İlham Əliyevə ümumxalq etimadının növbəti təzahürü olduğunu vurğulayıb.

Müşavirədə, həmçinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, insanların məmnunluğunun yüksəldilməsi ilə bağlı dövlətimizin başçısının tələbləri diqqətə çatdırılıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili, digər tövsiyə və tapşırıqlar verilib.

Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.