CƏMİYYƏT


Ədliyyə naziri Tovuz rayonunda vətəndaşları qəbul edib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 26-da ədliyyə naziri Fikrət Məmmədov Tovuz Olimpiya İdman Kompleksində Tovuz, Şəmkir, Gədəbəy, digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, bölgənin hakimləri və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir Azərbaycan Prezidentinin cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamın müstəsna əhəmiyyətini vurğulayaraq, vətəndaşların azadlıq hüququnun qorunmasına daha məsuliyyətlə yanaşılmasını, habelə şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasının vacibliyini, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini qeyd edib, aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlətimizin başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.