CƏMİYYƏT
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə söhbət aparılacaq
Bakı, 22 iyul, AZƏRTAC
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı iyunun 10-da keçirilmiş növbəti test imtahanından uğur qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə avqustun 10-dan etibarən söhbət keçirilməsinə başlanılacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək. Hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.
Qanunvericiliyə əsasən, söhbətin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.
Əlavə məlumatları (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.