CƏMİYYƏT
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak edənlər üçün hazırlıq kursu təşkil olunacaq
Məlumat verildiyi kimi, Ədliyyə Nazirliyinin yeni nəsil kadrlarla komplektləşdirilməsi məqsədilə sentyabrın 17-də elan olunmuş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir. Əlavə məlumatı nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.
Müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, əvvəlki illərdə olduğu kimi, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası onlar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına kömək məqsədilə noyabrın 3-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursda iştirak etmək istəyən namizədlər Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.