CƏMİYYƏT
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə uğur qazanmış namizədlər növbəti mərhələyə buraxılıb
Bakı, 26 yanvar, AZƏRTAC
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2014-cü il noyabrın 19-da keçirilmiş növbəti test imtahanından uğur qazanmış namizədlərin, qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılıb və onlarla söhbətlərin keçirilməsinə bu il fevralın 3-dən etibarən başlanılacaq.
Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək söhbətin tarixi və vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.
Nazirlik xatırladır ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.
Eyni zamanda bildirilir ki, nazirliyin Penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114, www.penitensiar.justice.gov.az, tel: 493-64-41) və Tibb xidmətlərinə (Bakı şəhəri, C.Hacıbəyli küçəsi 16 və 18, tel: 493-30-91), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xəqani küçəsi 14, www.expert.gov.az, tel: 498-09-71) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.