CƏMİYYƏT
Aeroport istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 17 iyul, Elvin Camalov, AZƏRTAC
İyulun 17-də Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində hərəkət edən iki avtomobilin avtobusa çırpılması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, saat 08:30 radələrində Heydər Əliyev prospekti ilə hava limanı istiqamətində (keçmiş Suraxanı dairəsi yaxınlığında) istiqamətində hərəkət edən “Daewoo” və “Volkswagen Passat” markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirində avtomobillər “Vaz-2107” markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa hissəsi zədələnsə də, sərnişinlərdən heç biri xəsarət almayıb. Lakin “Daewoo” markalı avtomobildə olan sürücü və sərnişin ölüb.
Hadisənin hansı səbəbdən baş verməsinin səbəbi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.