İDMAN
Afinada keçirilən kadetlər arasında Avropa birinciliyinin ilk günündə Azərbaycan cüdoçuları iki medal qazanmışlar VİDEO
Bakı, 5 iyul (AZƏRTAC). Yunanıstanın paytaxtı Afinada cüdo üzrə kadetlər arasında Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisi iki medal qazanmışdır.
Birincilikdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparmış Natiq Qurbanov latviyalı Kirilis Loqanovskisə, ukraynalı Yaroslav Skopnenkoya və belçikalı Jorre Verstraetenə qalib gələrək finala yüksəlmişdir. Həlledici görüşdə Rusiya cüdoçusu Ayib Bliyevdən üstün olan Natiq Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Digər cüdoçumuz Leyla Əliyeva (44 kq) Rumıniya təmsilçisi Mixaela Çissi, hollandiyalı Amber Gersjesi və almaniyalı Yana Şmitsi məğlub edərək finala adlamışdır. Çempionluq uğrunda görüşdə italiyalı Miçela Fioriniyə uduzan cüdoçumuz gümüş medalla kifayətlənmişdir.
İyulun 6-da yekun vurulacaq turnirdə 42 ölkədən 429 cüdoçu birincilik uğrunda mübarizə aparır.