DÜNYA
Əfqanıstan: ABŞ-ın səhv aviazərbəsi nəticəsində ölən polislərin sayı 16-ya çatıb
Bakı, 22 iyul, AZƏRTAC
ABŞ-ın səhvən endirdiyi aviazərbə nəticəsində həlak olan əfqan polislərin sayı 16-ya çatıb, daha iki nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, insident haqqında bu son məlumatı France Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla yayıb. Bir qədər əvvəl isə Assosiated Press agentliyi 12 nəfərin öldüyünü xəbər vermişdi.
Hadisə cümə günü axşam saat 17:00 radələrində Əfqanıstan güc strukturları ABŞ-ın dəstəyi ilə Gilmənd vilayətindəki kəndlərdən birində “Taliban” qruplaşmasının yaraqlılarına qarşı əməliyyat apararkən baş verib. Polis nümayəndəsi Salam Əfqanın sözlərinə görə, zərbə nəticəsində 16 polis əməkdaşı, o cümlədən iki komandir ölüb. Daha iki polis əməkdaşı yaralanıb. Bu məlumatları vilayət qubernatorunun müavini Omar Zvak da təsdiqləyib.
ABŞ komandanlığı da öz növbəsində aviasiya zərbəsinin səhvən hərbçilərin düşərgəsinə endirildiyini bildirib.