DÜNYA


Əfqanıstan: nümayişçilər hökumətin istefasını tələb edirlər

Bakı, 2 iyun, AZƏRTAC

Əfqanıstanın paytaxtı Kabildə mindən çox insan mayın 31-də baş verən terror aktının qarşısını ala bilmədiyi üçün ölkə Prezidenti Əşrəf Qəninin istefası tələbi ilə nümayişə çıxıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, aksiya iştirakçıları partlayışın baş verdiyi yerə yığışıb. Bəzi nümayişçilər polisin mühafizə xəttini yarmağa cəhd göstərib və asayiş keşikçiləri buna cavab olaraq havaya atəş açıblar.

Xatırladaq ki, mayın 31-i səhər saatlarında minalanmış avtosistern paytaxtın diplomatik məhəlləsinin girişindəki nəzarət-buraxılış məntəqəsinin qarşısında partladılıb. Son məlumata görə, terror aktı nəticəsində 100-dən artıq insan həlak olub, təxminən 600 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayış dalğası, həmçinin 50-dən artıq avtomobili yararsız hala salıb, yaxınlıqdakı tikililər qismən və ya tamamilə dağılıb, bir sıra xarici səfirliklərin binalarına zərər dəyib. Hücumun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının fəallığı da artmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.