DÜNYA
Əfqanıstanda “Taliban” ilə İŞİD arasında toqquşmalarda 91 yaraqlı ölüb
Bakı, 26 aprel, AZƏRTAC
Əfqanıstanın şimalında “Taliban” hərəkatı ilə İŞİD qruplaşması arasında baş verən toqquşmalarda azı 91 yaraqlı ölüb.
AZƏRTAC xəbər verir ki, Khaama Press agentliyinin yaydığı məlumata görə, silahlı toqquşmalar aprelin 25-də Cauzcan əyalətində başlayıb və hazırda da davam edir. Ölənlər arasında “Taliban” hərəkatının 76, İŞİD qruplaşmasının isə 15 yaraqlısı var.
2014-cü ildə Amerika hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkədə gərginlik artmağa başlayıb və cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Bir müddətdir ki, yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.
Bu yaxınlarda ABŞ “bütün bombaların anası” adlandıran super bombadan ilk dəfə olaraq Əfqanıstanda döyüş şəraitində istifadə edib. Buna cavab olaraq yaraqlıların Məzari-Şərif şəhəri yaxınlığındakı hərbi bazaya hücumu nəticəsində 150-dən çox əfqan hərbçisi həlak olub.